Tarixi yerlər
Cavanşir
qalası Rayonun
qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti
Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son
dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və
tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Tariximizdə
həmin dövrə aid ziddiyyətli məlumatlar vardır. Tarix
dərsliklərində göstərilir ki, Mehranilər sülaləsinin hakimiyyəti
Girdiman vilayətində yaranmışdır. Həmin vilayətin indiki Şəmkir
– Qazax bölgəsində olması qeyd olunur.
Lakin ərazisində Girdiman dövləti və Cavanşirin adı ilə bağlı
tarixi abidənin və coğrafi adın olması deməyə əsas verir ki,
Girdiman knyazlığı elə İsmayıllı ərazisində yaranmışdır.Girdiman
knyazlığını sabir türklərindən olan Mehranilər sülaləsinə məxsus
hökmdarlar idarə etmişlər. Onlar zaman keçdikcə öz
hakimiyyətlərini möhkəmləndirmiş və bütün Albaniyada yaymışlar.
Girdiman vilayəti yenə də iqtisadi və siyasi baxımdan
əhəmiyyətini saxlamışdır.
642-681-ci illərdə Albaniya hökmdarı olmuş tədbirli dövlət
xadimi Cavanşir diplomatik və sərkərdəlik bacarığı ilə dövlətin
müstəqilliyini qoruyub saxlamışdır. Ərəb, Sasani, Xəzər, Bizans
kimi güclü dövlətlərin hücum təhlükəsi qarşısında duran Cavanşir
diplomatik bacarığı sahəsində siyasi gedişlər etməklə yanaşı
müdafiə tədbirləri görməklə də Albaniyanın müstəqilliyini
qoruyub saxlamışdır.
Rayonun Talıstan kəndi yaxınlığında olan Cavanşir qalasını VII
əsrdə məşhur sərkərdənin şərəfinə tikdirmişlər. Qala Talıstan
kəndindən 4 km şimalda Ağ çayın sağ sahilindədir. Qaladan bir
qədər aralı, qalaya gedən yolun üstündə səngər yeri adlı kiçik
düzənlik vardır. Bu yerin xüsusiyyətindən və adından məlum olur
ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi
müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu
tam gücü ilə davam etdirə bilməyib.
Qalanın ümumi sahəsi 1,5–2 hektardır. Qala kirəc məhlulu ilə çay
daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa
da qala müdafiə xüsusiyyətini özündə saxlamışdır. Qala üç
tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunmuşdur.
Qalaya giriş yalnız cənub tərəfdən olmuşdur. Burada eni 2,5 m
olan darvaza yeri aydın görünür. Cənub divarlar daha möhkəm
olmuşdur. Həmin hissədə qala divarlarının qalınlığı 2,
hündürlüyü isə 10 m-dən çoxdur. Divarların üstündə bir-birindən
təxminən 0,5 m aralı daraqvari dişlər olmuşdur. Qala divarlarını
möhkəmləndirmək məqsədilə bürclər tikilmişdir. Bürclər cənub
tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır.
Onların bəzilərinin diametri 8 metrə çatır.
Qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası qala və
narınqala adlanan iç qaladan ibarətdir. İç qala qalanın şimal
hissəsindədir. İç qalanın divarları daha çox dağıntıya məruz
qalmışdır. Bir çox yerlərdə onun yalnız bünövrəsi qalmışdır.
Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir.
Oradan “Səngər yeri” və ümumiyyətlə qalaya gələn yollar aydın
görünür.
Qalanın şimal-şərq tərəfində gizli yol olmuşdur. Bu da uzun
çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına
imkan verirdi. Gizli yol olan tərəfdən qalaya hücum üçün heç bir
imkan yoxdur.
Ümumilikdə qala üçün seçilən yer müdafiə baxımında idealdır.
Oraya çox böyük qüvvə ilə hücum etmək mümkün deyildir. Oraya
olan hücumların qarşısını da almaq üçün çox da böyük qüvvəyə
ehtiyac olmamışdır.
Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub
saxlamışdır. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ
keçirə bilməmişdir. Qalada döyüş zamanı olan dağıntı izlərinə
rast gəlmək olmur.
Cavanşir qalasının tədqiqi sahəsində müəyyən işlər görülmüşdür.
Qala haqqında ilk elmi məlumatı Tarix elmlər namizədi arxeoloq
Fazil Osmanov vermişdir. Memarlıq namizədi Cəfər Qiyasi qalanın
bərpa eskizini hazırlamışdır. Hər iki alim birlikdə qala
haqqında qiymətli yazı dərc etmişlər. Tarix elmlər namizədi
Qafar Cəbiyev Cavanşir qalası haqqında dəyərli məqalə çap
etdirmiş və özünün “Bura Vətəndir” kitabında qala haqqında mühüm
məlumatlar vermişdir.
Bütün bunlara baxmayaraq hələ də Cavanşir qalasının
öyrənilməsini qənaətləndirici saymaq olmaz. Bu qala hələ də
tariximizin neçə - neçə sirlərini özündə saxlayır. Qala böyük
dağıntılara məruz qaldığından orada müəyyən bərpa işlərinə də
böyük ehtiyac vardır. Cavanşir qalası bütün respublika
səviyyəsində diqqət mərkəzində saxlanılan tarixi abidələrimizdən
olmağa layiqdir.
Qız qalası
Qalanın memarlıq xüsusiyyətləri oradan əldə edilmiş maddi-mədəniyyət nümunələri onun VII-IX əsrlərdə tikildiyini təsdiq edir. Çox güman ki, qala XI
əsrdə
yenidən təmir edilmişdir. Qala kirəc məhlulu ilə əsasən
yonulmamış çay daşından tikilib. Lakin bəzi yerlərdə yonulmuş
daşlardan və bişmiş kərpicdən də istifadə olunub. Kərpiclər
keyfiyyəti ilə diqqəti cəlb edir. Hörgünün keyfiyyəti yüksək
səviyyədədir. Qalada tətbiq olunan kərpic üzləşmənin keyfiyyəti
orta əsr Azərbaycan memarlığının yüksək inkişafına daha bir
sübutdur. Qalanın ümumi sahəsi 1,5 hektardan çoxdur. İçərisində hansı məqsədlərlə tikilməsi hələ də məlum olmayan çoxlu sayda tikililərin qalıqları vardır. Qala 9 əsr ərzində xeyli dağıntıya məruz qalmışdır. Ərazinin relyefinə görə qalaya girişin şimal-qərb tərəfdən olması şübhə doğurmur.
Xanagah Qız Qalası yüksək səviyyəli müdafiə qalasıdır.
Azərbaycanda Qız qalaları geniş yayılmışdır. Bakıda, Naxçıvanda, Qazaxda, Qəbələdə, Şəkidə, Şamaxıda və başqa ərazilərdə belə qalalar vardır. Bu qalaların bir çoxları haqqında xalq arasında əfsanələr də yaranmışdır. Lakin həmin əfsanələrin çoxunun tarixlə əlaqəsi yoxdur. Xanagah Qız qalası haqqında xalq arasında heç bir əfsanə də yoxdur.
Qız qalalarının adı haqqında daha elmi fərziyyə oğuzlarla bağlıdır. Qız qalalarının adında qız sözü oğuz adı ilə bağlı quz sözündən yaranmışdır. Deməli Qız qalaları əslində Quz qalası yəni Oğuz qalası deməkdir. Həmin qalaların əksəriyyətinin VII-XII əsrlərə aid olduğunu nəzərə alsaq həmin fərziyyənin daha çox həqiqətə uyğun olduğunu söyləmək olar. Çünki oğuzların Azərbaycana daha kütləvi köçləri VII-XII əsrlərdə təsadüf edilir.
Əksər tədqiqatçılara görə Qız qalalarının hamısı müdafiə qalasıdır. Onların quruluşu və strateji mövqeyi yalnız bu cür düşünməyə əsas verir. Bu qalalar müharibələr vaxtı qadın və qızların müdafiəsi üçün nəzərdə tutulmuşdur. Vətənin doğma yerlərin ağır günlərində kişilər döyüş meydanına atılanda qadın və qızlar alınmaz hesab edilən Qız qalalarında mühafizə olunmuşlar.
Müharibələrdə qadın və qızların əsir düşməsi ən böyük təhqir hesab olunurdu. Odur ki, hər bir hökümdar müharibələr zamanı təhqir olunmamaq üçün etibarlı qalalar tikirdilər. Bu qalaların adındakı “qız” sözü namus, qeyrət, paklıq rəmzi kimi izah olunur.
Qasımxan
qalası İsmayıllı
rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km
şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, “səngər”
adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu
yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon
ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir.
“Qasımxan” qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim
zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu
yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli
istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2
km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.

Xan qalası. Xan qalası adı ilə məlum olan abidədən bu gün bir neçə metr uzunluğu olan nisbətən hündür daş divar qalıb. Bu qala divarlarının qalıqlarıdır. Qalanın içərisində saray – kompleksi – Şirvan hakimlərinin yay iqamətgahı olub. Həmin saray kompleksinə aid olan otaqlardan ikisi Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənmişdir. Qalanın XII – XIII əsrlərdən gec olmayaraq tikildiyi güman edilir. Qalanın tikintisində 24*24*6, 25*25*6 və 26*26*6 sm ölçüdə olan kərpiclərdən daha çox istifadə edilmişdir. Qalaya avtomobilə getmək olar.
“Fit
dağı” Qalanın
adı hündürlüyü 1810 metr dəniz səviyyəsindən yüksəklikdə
yerləşən Fitdağ dağının adından götürülüb. Qədim hərbi strateji
əhəmiyyətə malik qala Şirvanşahlarının iqamətgahı – sığınacağı
olub. Qalaya getmək üçün Sulut kəndi yaxınlığındakı Haramçayın
yatağından piyada və ya atla dik qalxmaq lazımdır. Qala
yaxınlığında daşdan müdafiə səddi çəkilib. Qala ətrafında orta
əsrlərə aid tikili qalıqları, hamam yeri, meydançalar vardır.
Qalanın XVIII əsrdə tikildiyi güman edilir. Hal – hazırda Fit
dağının şərq yamacında Haramçaydan 250-300 metr yüksəklikdə iri
daşlardan tikilmiş sədd qalmaqdadır.
“Haram
qalası” Qala İsmayıllı rayonunun Sulut kəndi
yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan
və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir.
Yerli sakinlər bu qalaya “Qırxotaq” və ya “Qırxqız” qəsri də
deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə
olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə
almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə
“Qırxotaq” adlandırılsa da, oradakı otaqların sayı 40-dan
çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan
xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların
bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, “Haram
qalası” doğurdan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə
qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya
atla getmək lazımdır.
Qədim
buzxana Rayonun Sulut yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. “Buzxana” adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Basqal qəsəbəsi
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi
olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir
neçə metrə çatan qala divarlarının üzləri bu günədək
qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal”
toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala
yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal
Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi
qədim abidələr aiddir. Basqal Bakı – Laqodexi şosse yolunun 151
km-dən 4 km şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə
getmək olar.Müasir elmi-tərəqqi dövründə müstəqilliyə yenicə
qədəm qoymuş cəmiyyətimiz sürətlə inkişaf edir, köhnə, çox
zəhmət tələb edən istehsal vasitələri və üsulları hiss olunmadan
aradan çıxır və birdəfəlik unudulur. Babalarımızın qiymətli
irsini qoruyub saxlamaq, gələcək nəsillərə bir ərməğan kimi
çatdırmaq, həmçinin xalqımızın keçmiş həyatında mütərəqqi rol
oynamış gözəl adət-ənənələrin yaddaşlardan silinməsinin
qarşısını almaq üçün salnamələr yazmaq, zəngin muzeylər
yaratmaq, keçmiş dövrü əks etdirən eksponatlar nümayiş etdirmək
böyük vətənpərvərlik və əməksevərlik məktəbi kimi əhəmiyyət kəsb
edə bilər.
Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonunun
ərazisində tarixi-etnoqrafik baxımdan zəngin, orta əsr
şəhərlərinin bəzi xüsusiyyətlərini, o cümlədən qədim mədəniyyət,
sənətkarlıq irsini bu günə qədər mühafizə edən neçə-neçə yaşayış
məntəqəsi hələ keçən əsrlərdən dünya şöhrəti qazanmaq
səviyyəsinə qədər yüksəlmişdir. Belə görkəmli yaşayış
məntəqələrindən biri Basqaldır. Şirvanın ən səfalı, zəngin
təbiətə malik sahəsində yerləşən Basqal qəsəbəsi xalqımızın bir
sıra qədim və keşməkeşlərlə dolu tarixi adət-ənənələrini bu günə
qədər yaşatmışdır.
Basqal qəsəbəsinin yerləşdiyi indiki ərazi hələ miladdan əvvəl
IV yüzillikdən mövcud olan Alban dövlətinə mənsub idi.
Tarixçilərin çoxillik araşdırmasına görə alban çarlığının
iqamətgahı bu əraziyə yaxın olan Qəbələ şəhərində yerləşirdi.
İndiki İsmayıllı rayonu, eləcə də bütün şirvan ərazisində hələ o
vaxtlar müxtəlif soylardan, dillərdən olan həm yerli, həm də
gəlmə, zorla köçürülən tayfalar, qəbilələr vardır. Onların bir
çox toponimləri, söz kökləri indi də qalmaqdadır.
Basqal və onun ətrafı antik və orta əsr abidələri ilə zəngindir.
Basqalın cənub-şərqində hələ eramızın I-II əsrlərindən insan
məskənlərinin varlığı arxeoloji tədqiqatlardan məlumdur.
Arxeolojimaterialla isə eramızdan əvvələ aid Şirvan ərazisi üçün
səciyyəvi olan yerli xüsusiyyətlərə malikdir. Orta əsrlərdə isə
Basqal və onun ətrafı coğrafi və relyef quruluşuna uyğun böyük
iqdisadi və strateji əhəmiyyət kəsb etmişdir.
Orta əsr feodal pərakəndəlikləri dövründə, həmçinin xarici
işğalçıların basqınları zamanında Basqalda yaşayış məntəqələri,
eləcə də müdafiə qalaları daha da inkişaf edib genişlənmişdir.
Bunlardan qəsəbənin cənub kənarında “Qalalar” deyilən sahə
təqribən XI-XI yüzilliklərin yadigarıdır. Basqalın
cənub-şərqində ilk orta əsrlərdən başlayaraq xanlıqlar
dövrünədək möhtəşəm qala və şəhər xarabalıqları yerin təkinə
köçmüş vəziyyətdə qalmaqdadır. Qəsəbənin şimal qurtaracağında
ucalan Niyal dağında XI-XII əsrlərin qalaları Şirvanşahların
mühüm müdafiə məntəqəsi olmuşdur. Bütün bunlarla yanaşı Basqalın
mərkəzində orta əsr şəhərlərinin xüsusiyyətlərini əks etdirən və
XII əsrdən bu günədək fəaliyyətdə olan kürəbənd (kanalizasiya)
şəbəkəsi, bazar, hamam, məscidlər və başqa mədəni, iqtisadi,
dini tikililər yerli əhalinin mədəni irsinin bariz timsalıdır.
Bir növ orta əsr şəhərlərinin quruluşuna uyğun gələn Basqal
özünün sıx tikintisi, daş döşəmə küçələri, tarixi-ictimai
binaları, sənətkarlıq alət və dəzgahları ilə xarabalığa
çevrilmiş yüzlərlə qədim şəhərlərimizin öyrənilməsində arxeoloq,
etnoqraf və memarlarımıza yaxından kömək üçün gözəl örnək ola
bilər. Bu da xalqımızın təşəkkülünü etnik xüsusiyyətlərini,
habelə bir sıra sosial məsələlərini araşdırmaqda müsbət rol
oynaya bilər.
Basqal qıvrım uşaq telləri kimi hər yana burulan enişli-yoxuşlu
küçələri, özünəməxsus həyat tərzi və adət-ənənələri ilə
həqiqətən canlı bir tarixdir. “Kabkaz” qəzetinin 1882-ci il
310-cu sayında bu qəsəbəyə gəlmiş şərhçi M.N.Lebedev –
Kostromsevin böyük aludəlik və məftunluqla yazdığı sətirlər
maraq doğurur: “Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya
atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik.
Atın sahibi, yerlilərin çarvadar adlandırdığı orta yaşlı
qarayanız bir adam öz heyvanına elə bil dil öyrətmişdir. At öz
sahibini mütiliklə dinləyir və iri daş topaları ilə dolu olan
maneələri, yoxuşları, gur dağçayını cürətlə dəf edirdi. Basqal
şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları, fanarlar evlərin
eyvanlarını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik
səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim bu səsin məscid
minarəsindən gəldiyini mənə başa saldı. Müəzzin şam əzanı
verirdi...” Qəzetdə müxbirin ertəsi gün həmin məscidi, kəlağayı
toxunan karxanaları seyr etməsi, toxucuların ağır vəziyyətdə,
lakin öz sənətlərinə sadiq qalmaları təsvir edilir.
Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi”
məqaləsində yazir:” 1795-ci ildə İran şahı Ağaməhəmmədin
Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı
Mustafa öz yaxın qohumları ilə yaxındakı Fit dağındakı qalaya
çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal adlı şairanə
yerdə ipək ayıran və şal toxunan fabrik açır (Əlisöhbət
Sumbatzadə, “Промышленность Азербайджана в XIX веке”
monoqrafiyası, səh. 187)
“Sənətkarlıq ağıl və təfəkkürün inkişafı üçün xammaldır” bir
tarixçi-etnoqraf tamamilə haqlıdır. Xalq sənətkarlarının ulu
yaşayış məskəni Basqal qəsəbəsinin əhalisi istehsal etdikləri
kəlağayını, qanovuzu, müxtəlif zərif ipək parçaları ta Avropa,
yaxın şərq ölkələrinə qədər aparır, ticarətlə məşğul olur,
oraların mədəniyyətini, mütərəqqi adət-ənənələrini, fikirlərini
özləri ilə doğma vətənlərinə qiymətli qənimət kimi
gətirirmişlər. Müsahibini tez başa düşmək, dadlı xörəklər
bişirmək, təmizkarlıq, elmə tərəqqiyə böyük həvəs, ağsaqqallara
hörmət, çətinliyə düşənlərə, fəlakət üz verənlərə yardım etmək
və sair gözəl bəşəri keyfiyyətlərin inkişaf etməsində bu amil az
rol oynamamışdır. Yazıçılar, onlara elm və mədəniyyət fədailəri,
istehsal qabaqcılları bu qədim odlar yurdunun adına iftixar və
yeni-yeni şöhrət gətirmmişdir.
Girdiman qalası
Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Girdiman
dövlətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin olduğu güman
edilir. Rayon mərkəzindən 37 km şərqdə Girdiman çayının sol
sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin,
daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla
bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası
olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və
Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd
tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan
71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı
tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı –
Loqadexi şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə
yerləşir. Lahıca avtomobillə getmək olar.
Lahıc Böyük
Qafqaz sıra dağlarının qoynunda, Girdiman çayının sol sahilində
yerləşən şəhər tipli qəsəbədir. Lahıc orta əsrlərdə olduğu kimi
indi də bütün xüsusiyyətləri ilə şəhərdir.
Lahıcda yaşayan əhalinin tat dilli olması onun tarixinin
araşdırılması üçün əsas istiqamət götürülmüş və bəzən kobud
səhvlər edilmişdir. Lahıcın tarixi haqqında yazanlar adətən onun
əhalisinin erkən orta əsrlərdə İranın Gilan vilayətinin Lahican
şəhərindən köçüb gəlmiş farslar olduğunu söyləmişdir. Lakin bu
fikrin heç bir elmi əsası yoxdur. Doğrudur, İranda Lahican adlı
şəhər vardır. Oranın da əhalisi tat dillidir. Həmin əhali fars
dilində deyil, tat dilində danışır. İranın özündə həmin əhali nə
üçün fars dilində deyil, tat dilində danışmasının səbəbini izah
edən yoxdur. Qeyd edək ki, tat dili və fars dili İran dil
qrupuna daxil olsalar da bir – birini başa düşə bilmirlər.
Maraqlıdır, Lahıcın əhalisinin İranın Lahican şəhərindən köçməsi
haqqında heç bir tarixi məlumat olmadığı halda məhz nə üçün
Lahicanının əhalisinin Lahıcdan köçüb getməsi haqqında
düşünənlər yoxdur. Bu məsələyə bir qədər məntiqi yanaşdıqda
tarixi həqiqətin belə olduğu aydınlaşır.
Lahıc adının yaranması haqqında müxtəlif fikirlər vardır. Bu
haqda mövcud əfsanələrin birində deyilir: Həmin ərazidə La adlı
şəhər mövcud olmuşdur. Güclü tufan nəticəsində yaranan daşqından
qorxan əhali dağlara çəkilirlər. Tufan və daşqın sakitləşəndən
sonra şəhərə qayıtmaq istəyən əhali şəhərin sel tərəfindən məhv
edildiyini görüb La heç deyə qışqırıblar. Sonradan La şəhərinin
yerində yaranan şəhər də la heç – Lahıc adlandırılıb.
Əfsanədən göründüyü kimi Lahıc adı Lahicanın adından deyil,
Lahican adı Lahıc adından yaranmışdır. Lahıc adının
başqa bir izahı müqəddəs Baba dağı ilə bağlıdır. Baba dağında
olan müqəddəs ziyarətgah demək olar ki, Azərbaycanın bütün
bölgələrinin əhalisi tərəfindən ziyarət olunur. Müqəddəs
ziyarətgaha gedən yol Lahıcdan keçir. Ərəb dilində “La”
istiqamət bildirir. “Həcc” sözü də müqəddəs yer mənasında
işlədilir. Deməli Lahıc sözü La – həcc hissələrinin
birləşməsindən yaranmış, “Həcc yolu” mənasını verir. Lahıcın
tarixinin erkən orta əsrlərdən başlanması fikirlərinin də elmi
əsası yoxdur. Qəsəbənin ətrafından tapılan daş alətlər – daş
bıçaqlar, daş ox ucluqları və s. Lahıcın hələ daş dövründə
yaşamış məskənlərindən olduğunu göstərir. Azərbaycanın şimalında
eradan əvvəl I minilliyin ortalarında şəhərlərin meydana gəlməsi
prosesi başlandığı vaxt Lahıc da şəhər kimi formalaşmışdır.
Lahıc Albaniyanın mühüm müdafiə əhəmiyyətli şəhər qalası
olmuşdur. E.ə. III əsrdə İranda Sasanilər hakimiyyətə gələndən
sonra onlar Albaniyanı özlərinə tabe etmək, sərhədlərin strateji
əhəmiyyətə malik təbii sərhəd olan Böyük Qafqaz dağlarınadək
genişləndirməyə başladılar. Bu zaman Lahıcın əhəmiyyəti daha da
artdı. Mənbələrdə verilən məlumatlardan məlum olur ki, Sasani
hökmdarları I Qubad (488 – 531) və I Xosrov Ənuşirəvan (531 –
579) dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün hərbi
istehkamla tikdirdilər. Onlar özlərinə yerli əhali arasında
etnik dayaq yaratmaq üçün İrandan xeyli irandilli əhalini
ölkənin şimal sərhədlərinə yaxın ərazilərə köçürdülər. Ola
bilsin ki, həmin köçürülənlərdən Lahıcda da yerləşdirilənlər
olmuşdur. Lakin həmin vaxt Lahıc mövcud idi. Orada əhalinin sayı
da heç də az deyildi.
VI əsrin sonu – VII əsrin əvvəllərində Azərbaycanın şimal
torpaqlarında Mehranilərin məskunlaşması, Girdiman vilayətinin
əhəmiyyətinin artması Azərbaycanın siyasi həyatında mühüm hadisə
oldu. Həmin vaxt Lahıc da şəhər kimi daha da inkişaf etdi.
Əlverişli təbii müdafiə xüsusiyyətinə malik Lahıc Mehranilərin
əsas istinadgahlarından olmuşdur. Təsadüfi deyildir ki, Girdiman
dövlətinin adı ilə eyni adda Girdiman çayı Girdiman dövlətinin
hökmdarı olmuş görkəmli sərkərdə Cavanşirin adı ilə bağlı qala
Lahıcdan çox da uzaqda deyildir. Həmin dövlətin tarixi abidələri
sırasında özünəməxsus yeri olan Niyal qalası da Lahıcın
ətrafındadır.
Girdiman qalasının yerini dəqiqləşdirmək istəyən
tarixçilərimizin bəziləri çox düzgün olaraq onun məhz Lahıcda
yerləşdiyini söyləyirlər. Bu baxımdan istedadlı tarixçi alim,
həmyerlimiz, tarix elmlər namizədi Qafar Cəbiyevin “Bura
Vətəndir” kitabındakı fikirlər daha çox diqqəti cəlb edir. O çox
düzgün nəticəyə gələrək yazır ki, Girdiman qalası bəlkə də
Lahıcın özüdür.
Lahıcın yerləşdiyi təbii coğrafi ərazi onun ətraf ərazilər üçün
mərkəz rolunu təmin edir. Buna görə də mövcud olduğu bütün tarix
ərzində Lahıc ətraf ərazilər üçün rəsmi və ya qeyri rəsmi mərkəz
rolunu oynamışdır. Bu cəhət bu gün də qalmaqdadır. Lahıc IX-X
əsrlərdə mövcud olmuş çox da böyük olmayan Lahicanşahlığın
paytaxtı olmuşdur. Tariximizdə bu haqda yazılmış məlumatda
göstərilir ki, 917-ci ildə Şirvanşahlar Lahicanşahlığı özünə
birləşdirmişdir. Bununla da Lahicanşahlığının müstəqilliyinə son
qoyulmuşdur. Lahıc bundan sonra da şəhər kimi öz əhəmiyyətini
saxlamışdır.
Lahıc bütün orta əsrlər boyu Azərbaycanın mühüm sənətkarlıq
mərkəzi olmuşdur. Onun sənətkarlıq məhsulları Azərbaycanın
sərhədlərindən çox uzaqlarda da məşhur olmuşdur. Girdiman
çayının hövzəsi və Şamaxı tərəfdən dağ aşırımlarından keçən
yollarla gələn tacirlər Lahıcda hazırlanan sənətkarlıq
məhsullarını çox böyük həvəslə alırdılar.
Lahıcda inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik
dururdu. Lahıcda misgərlik özünün tərəqqi dövrünü keçirmişdir.
Bəlkə də dünyanın heç bir guşəsində misgərlik Lahıcdakı qədər
inkişaf etməmişdir. Lahıc misgərlərinin ustalığı digər
ərazilərin misgərləri üçün nümunə olmuş, onlar Lahıc
misgərlərindən çox şeylər öyrənməyə çalışmışlar.
Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və
Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə
Lahıca yola salırdılar. Xaricdən də Hələb, İstanbul, İngiltərə
və Həbəşstandan da Lahıca mis gətirilirdi. Hər bir tacirin daimi
müştəri ustaları var idi. Ustalar tacirdən aldığı xam misin
əvəzinə hazırladığı sənətkarlıq məhsullarını verirdilər.
Tacirlər də bu sənətkarlıq məhsulları Azərbaycanın ən izdihamlı
bazarlarında satmaqla kifayət qədər gəlir götürürdülər. Lahıc
sənətkarlığının hazırladıqları məhsulları almaq üçün tacirlər
arasında güclü rəqabət gedirdi.
Sənətkarlar aldıqları misi əridir, onu saflaşdırır, xüsusi
qəliblərə tökürdülər. Misin yumşaq olması üçün ona müxtəlif
qarışıqlar əlavə edirdilər. Misgərlik emalatxanaları sənətkarlıq
baxımından mükəmməl olurdu. Orada sənətkarlıq məhsullarının
hazırlanması üçün lazımi avadanlıqların, alətlərin keyfiyyəti ən
yüksək səviyyədə idi. Alətlərin demək olar ki, hamısı Lahıcda
hazırlanırdı. Hər bir emalatxanada usta köməkçisi şagirdlə
yanaşı daimi fəhlələr (çəkic vuranlar) olurdu. Onların hər biri
yüksək əmək vərdişinə malik idilər. Mis qabları qalayçılar
qalayla ağardırdılar. Qalayçılıq da ayrıca peşə idi.
XVII-XVIII əsrlərdə mis qablara tələbat çox olduğundan onların
qiyməti baha olmuşdur. Lakin XIX əsrdə fabrik – zavodlarda
müxtəlif qabların istehsalı genişləndiyindən mis qablara tələbat
azalmış, onların qiymətləri aşağı düşmüşdür. Sonrakı dövrlərdə
Lahıcda misgərlik tənəzzül dövrünü davam etdirsə də tamamilə
sıradan çıxmamışdır. Lahıcda həmin sənəti yaşadan sənətkarlar
indi də hörmətə layiqdirlər.
Lahıcda dəmirçilik də inkişaf etmiş sənət sahələrindən olmuşdur.
Dəmirçilər əsasən təsərrüfat işləri ilə bağlı alətlər
hazırlayır, iş heyvanları üçün nal, mıx hazırlayırdılar. Nal,
mıx hazırlayan, iş heyvanlarını nallayanlar xüsusi adla nalbənd
adlanırdılar. Lahıc dəmirçilərinin hazırladığı alətlər öz
keyfiyyəti ilə digər yerlərdə hazırlanan alətlərdən
fərqlənirdilər. Dəmirçilik sənəti də hazırda Lahıcda yaşadılır.
Cəmiyyətdə yaranan ziddiyyətlər, torpaqlar uğrunda mübarizələr
çox vaxt müharibələrə gətirib çıxarmışdır. Tarixdə müharibələrin
dağıdıcı təsirindən tamamilə kənarda qalan yaşayış məskənləri,
tayfalar və xalqlar çox az olmuşdur. Buna görə də hər bir xalq
müdafiə məsələləri haqqında düşünməli olmuş, bu istiqamətdə
müəyyən hazırlıq işləri görmüşdür. Silahlar hazırlamaq onları
təkmilləşdirmək insanları daim düşündürən fəaliyyət sahəsi
olmuşdur. Sənətin müxtəlif sahələrinin yüksək səviyyəsinə çatmış
silahqayırma sənəti də Lahıcda inkişaf etmişdir. Orta əsrlərdə
Lahıc ustalarının hazırladığı xəncərlər, qılınclar ətraf
ərazilərdə məşhur olmuşdur. Lahıc ustalarının xüsusi üsullarla
əldə etdikləri polad möhkəmliyinə, keyfiyyətinə görə “Dəməşq”
poladından fərqlənmirdi. Lahıc ustaları hazırladıqları
qılıncların dəstəyini naxışlarla bəzədir, onları qızıl və gümüş
suyuna tuturdular. Bu silahlar çox baha satılırdı. Onları yalnız
varlılar ala bilirdilər.
Tarixin sonrakı gedişində Lahıc ustaları odlı silah hazırlamağı
da mənimsəmiş və bu sahədə tanınmışlar. Odlu silah hazırlamaq
sahəsində Lahıc ustalarının təcrübəsindən istifadə etməyə
çalışanlar da çox olmuşdur. Mənbələrin məlumatına görə Tula
silah zavodunun mütəxəssisləri də XIX əsrdə Lahıcda hazırlanmış
silahlarla maraqlanmışlar. Lahıc silah ustalarından Tula silah
zavodunda olanlar da məlumdur.
Lahıc ustalarının hazırladıqları tüfənglərdən XIX əsrin I
yarısında baş vermiş Rusiya-İran müharibələrində geniş istifadə
olunmuşdur. Lahıcda istehsal edilən silahlar İran, Dağıstan,
Şəki, Quba, Bakı və Qarabağa göndərilirdi.
XIX əsrin sonu XX əsrin əvvəlində Lahıcda odlu silah istehsalı
getdikcə tənəzzül etdi. Bunun bir səbəbi odlu istehsalının xırda
emalatxanalardan iri zavodlarda cəmlənməsi olsa da, digər səbəbi
çar hökümətinin azərbaycanlılara etibar etməməsi olmuşdur.
Məlumdur ki, çar höküməti azərbaycanlılara etibar etmədiyi üçün
ali müsəlman təbəqəsindən başqa digərlərini hərbiyə çağırmırdı.
Məqsəd azərbaycanlılara hərbi işi unutdurmaq, onları həmişə
əsarətdə saxlamaq idi. Təbii ki, belə siyasət yeridən bir dövlət
etibar etmədiyi xalqın silah istehsalı ilə razılaşa bilməzdi.
Lahıcda bu sahə nə qədər tənəzzül etsə də tamamilə unudulmadı.
1918-ci ildə erməni quldur dəstələri müsəlman soyqırımına
başlayıb əliyalın əhalini kütləvi şəkildə qətlə yetirdiyi bir
vaxtda silah hazırlamağın vacibliyi yarandı. Belə bir çətin
zamanda Lahıc ustaları bir ədəd top hazırladılar. Lahıcın
müdafiəçiləri həmin topu hazır vəziyyətə gətirib düşmənin
hücumunu gözləməyə başladılar. Erməni quldur dəstəsi Lahıca
yaxınlaşdıqda “topçular” “atəş” komandası ilə düşmənin gəldiyi
istiqamətə atəş açdılar. Atəşin gücündən çox da mükəmməl
hazırlanmamış top da dağılaraq hissələri göyə sovrulur. Bu atəş
həmin topun birinci və axırıncı atəşi olsa da erməni quldurları
Lahıcın müdafiəçilərinin toplarla silahlandığını güman edib geri
qaçmağa başlayırlar. Bununla da Lahıc və qonşu kəndlər də
dəhşətli faciələr törədən qaniçən düşmənin hücumundan xilas
oldular.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra
Lahıcda elə bir inkişaf olmadı. Əksinə sənət sahələrinin
bəzilərinin tənəzzülü dərinləşdi, Lahıclıların bir hissəsi
işsizlikdən yurdlarını tərk etdilər. Lahıcda yaşayanların sayı
xeyli azaldı. Lahıc sakinləri uzun müddət yolsuzluqdan əziyyət
çəkmişlər. Orta əsrlərdən qalma nəqliyyat növləri sıradan çıxsa
da Lahıca uzun müddət avtomobil yolu çəkilməmişdir. Doğrudur XX
əsrin 60 – cı illərində Şamaxı tərəfdən dağ aşırımları ilə
Lahıca avtomobillərin gəlməsi mümkün olsa da bu yalnız yay
aylarında mümkün idi. Lahıcın əsas yolu Girdiman çayının
dərəsindən və bəzən də sıldırım qayaların döşündən keçən piyada
və at yolu idi. Həmin illərdə Girdimanın coşan selləri neçə-neçə
insanların ömrünü yarımçıq kəsmişdir.
Nə yaxşı ki, Azərbaycan xalqının Heydər Əliyev kimi rəhbəri
olmuşdur. Doğma Azərbaycanımızın elə bir şəhəri, elə bir kəndi,
elə bir guşəsi yoxdur ki, dahi öndərin qayğısını hiss etməsin,
onun xoş əməllərindən bəhrələnməsin. Lahıca da avtomobil yolunu
Azərbaycan xalqının ümummilli lideri H.Əliyev çəkdirdi. Yolun
üstündəki körpü də dahi rəhbərin tapşırığı ilə qoyuldu.
Atalar yol çəkməyi, körpü qurmağı dünyada ən xeyirxah iş hesab
ediblər. Bu gün həmin yoldan, həmin körpüdən keçənlərin hər biri
dahi öndərin ruhuna allahdan rəhmət diləyirlər.